Alkoqol və zahiri görünüş
  • Məqalələr
  • 23.04.2024, 17:10
  • Alo, Həkim

Alkoqol və zahiri görünüş

Müasir dövrdə dünyada xanımların da bir çoxu alkoqollu içkilərdən istifadə edirlər. Spirtli içki sevənləri xarakterik görünüşündən belə tanımaq mümkündür. Bu təkcə sifət quruluşunda özünü biruzə vermir, eyni zamanda bədən forması, yeriş, danışıq və hərəkət manerası da dəyişmiş olur. 

Spirtli içki aludəçilərinin zahiri görünüşü tamamən dəyişir. Təbii ki, həddindən artıq qəbul etdikdə gözlər şişir, qırışlar meydana gəlir, çəki artır və s..

Alkoqoliklərdə burun əksər vaxtlarda qirmızı və ya boz-göy olur. Bu əsasən onda baş verir ki, burunda olan kiçicik damarlar partlayır. Bundan başqa, burun böyüyür, formasını itirir. Dəyişiklik dodaqlarda da görünür, onlar şişir, göyərir. 

Mütəmadi və həddindən çox spirtli içki qəbul edənlərdə ilirubinin artmasından gözün ağları saralır. Alkoqoliklərdə qaraciyərin iş prinsipi pozulduğundan bilirubin qana düşür və sonda saralmalar baş verir.

Bununla yanaşı, onların gözləri asanlıqla qızarır, gözətrafı nahiyələr isə qaralmağa başlayır. Aşağı göz qapaqları şişir, yuxarıdakılar isə sallanmağa başlayır. 

Çox istifadə edənlərdə kobud, məsaməli və qırışmış dəri əmələ gəlir. Bu daha çox üz dərisində özünü biruzə verir. Göz ətrafında yaranan qırışlar sonradan alın və boyun nahiyələrində də əmələ gəlir. 

Üzün ovalı dəqiq konturlarını itirir və dəri sallanmağa başlayır. Belə sallanmalar yaşlandıqca hamıda baş verir amma içənlərdə isə bu gənc yaşlarında ortaya çıxmış olur. 

Saç insan sağlamlığının həssas göstəricisidir. Alkoqoldan çox istifadə edənlər darıxdırıcı saçlara və kövrək dırnaqlara malik olurlar. Mütəmadi alkoqol qəbulunda vitamin və mikroelementlərin sorulması prosesi pozulur və bu da ilk növbədə saçlarda özünü göstərmiş olur. Nəticədə saçlar tökülməyə başlayır, darıxdırıcı olur və parçalanır. Dırnaqlar isə əzilir və qırılır. 

İçən insanlarda səs dəyişərək koudlaşır, aşağı tempə düşür, xırıltılı vəziyyət alır. Bu hal səs tellərinin mütəmadi qıcıqlanması ilə əlaqədardır.